SOSİUM

02 Sentyabr

Sentyabr ayında mənzil almaq alıcı üçün nə dərəcədə sərfəlidir? - Ekspert Ramil Qasımzadə açıqlayıb

Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin ardıcıl artımı fonunda, sentyabr ayında mənzil almaq alıcı üçün sərfəlidir. Bazarda aktivlik artır və ailələr xüsusilə ali təhsil müəssisələrinə yaxın ərazilərdə mənzil almağa üstünlük verirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, son 10 ildə əmlak bazarında qiymətlərin enməsi müşahidə olunmayıb:

"2014–2015-ci ildən bu yana daşınmaz əmlakın dəyəri davamlı olaraq artır. Bu baxımdan konkret ayın fərqi yoxdur — ümumiyyətlə, əmlak, xüsusilə də mənzil almaq həm sərmayə, həm şəxsi yaşayış, həm də evin genişləndirilməsi baxımından əlverişlidir."

Ekspert əlavə edib ki, sentyabrda qiymətlərin yay dövründən sonra ənənəvi olaraq yüksəlməsi müşahidə olunur. Qiymət artımı əsasən yeni tədris ili, iş dəyişiklikləri və ailələrin mənzil tələbatı ilə bağlıdır. Xüsusilə ali məktəblərə qəbul olunan tələbələrin valideynləri övladlarının təhsil aldığı universitetlərə yaxın ərazilərdə ev almağa üstünlük verirlər.

Ümumilikdə, daşınmaz əmlak bazarında qiymətlərin uzunmüddətli artımı nəzərə alınaraq, hər dövrdə mənzil almaq sərfəlidir. Sentyabr ayında isə bazarın aktivliyi və qiymət artımı səbəbindən alıcılar planlarını diqqətlə qurmalıdır.

Fuad Mədətov
Finss.az